ELM VƏ TƏHSİL
Tarix Muzeyi “Ən böyük əsgər – bizim əsgər” adlı açıq məktub müsabiqəsini elan edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə məktəblilər arasında “Ən böyük əsgər – bizim əsgər” adlı açıq məktub müsabiqəsini elan edir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, müsabiqə torpaqlarımızı Ermənistanın işğalından azad edən əsgərlərimizə ürək sözlərini çatdırmaq istəyən vətənpərvər məktəblilər üçün düşüncələrini ifadə etmək şansını verir. Müsabiqənin məqsədi hazırda ön cəbhədə ağır döyüşlərdə böyük şücaətlər göstərən əsgərlərimizi daha da ruhlandırmaq, haqq işində onların Vətən adlı ananın övladı olduqlarını bildirmək, bütün bunları məktəblilərin dili ilə ifadə etməkdir. Müsabiqədə iştirak edən şagirdin adı, soyadı, fotosu, məktəbin nömrəsi, sinfi mütləq göstərilməlidir. Hər məktubun bir nüsxəsi muzeyin “Facebook” səhifəsində yayımlanmaqla yanaşı, ön cəbhəyə də göndəriləcək. Məktublar oktyabrın 12-dən 31-dək muzeyin “Facebook” səhifəsinin mesaj bölməsində qəbul ediləcək. Bütün müsabiqə iştirakçıları muzeyə dəvət olunacaq, rəhbərlik onlarla görüş keçirəcək və məktəblilər muzey nəşrlərindən ibarət hədiyyələrlə mükafatlandırılacaq.