ELM VƏ TƏHSİL


Tarix Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərgi

Bakı, 10 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyi Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” mövzusunda sərgiyə hazırlıq işləri çərçivəsində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərgi hazırlayır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, fotosərginin təşkilində məqsəd respublika ictimaiyyəti və xarici qonaqların diqqətini fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir. Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunacaq. Fotosərginin aprelin sonlarında açılması nəzərdə tutulur.

Fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdiyi fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işləri heç kimi biganə qoymayacaq.

İkinci hissədə işğaldan azad edilmiş torpaqlarda olmuş, erməni terrorizmini öz gözləri ilə görüb, fotoaparatları ilə tarixə həkk etmiş Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir.

Fotoşəkillərin toplanmasında Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu muzeyə dəstək olub. Fotosərgidə Elgün Cəmilsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən çox fotoşəkil nümayiş olunur.

Bir neçə fotoşəklin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən təqdim olunmuş raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.