ELM VƏ TƏHSİL
Tarix Muzeyində Həsən bəy Zərdabiyə və ailəsinə məxsus sənədlər saxlanılır
Bakı, 4 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda mədəniyyətimizin tərəqqisində əvəzsiz rol oynamış maarifçi, ictimai xadim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə aid bir neçə tarixi sənəd qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ilk növbədə, Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin 1876-cı ildə nəşr olunmuş 9-cu nömrəsi, 1877-ci ildə işıq üzü görmüş 1-20-ci nömrələrinin surətləri xüsusi qeyd edilməlidir. Redaksiyanın əməkdaşı Məmməd Tağı Əlizadənin qəzetin redaktoruna 1877-1878-ci illərdə yazdığı məktublarının surətləri də maraqlıdır.
Vurğulanıb ki, Məlikovların ailə arxivindən götürülmüş, Həsən bəy Zərdabinin özü, qadın maarifçiliyi sahəsində usanmadan fəaliyyət göstərmiş həyat yoldaşı Hənifə Məlikova–Zərdabi və uzun illər müəllimlik etmiş qızları Qəribsoltan Məlikovanın XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan fotoşəkilləri də diqqəti çəkir. Bu materiallar Azərbaycanın mətbuat tarixinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.