ELM VƏ TƏHSİL
Tarix Muzeyində İkinci Dünya müharibəsi iştirakçısı olmuş Morduxay Morduxayevə aid materiallar qorunur
Bakı, 7 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Sənədli mənbələr fondunda Qubada dünyaya gəlmiş, yəhudi əsilli Morduxay Morduxayevin kolleksiyası mühafizə olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, müharibə zamanı yaralı döyüşçüləri savaş meydanından çıxaran M.Morduxayev (təqdim edilən fotoşəkildə tibb xidməti zabitlərinin bir qrupu əks olunub) iki ordunun tərkibində – sovet və Polşa qoşunları sıralarında xidmət edib. Polşanın Mərkəzi Hərbi Arxivinin polyak və rus dillərində arayışı bunu təsdiqləyir. Fondda qorunan sənədlər sübut edir ki, M.Morduxayev çalışdığı sahədə şücaət göstərdiyinə görə və dinc dövrdə doğma yurdu olan Azərbaycanın ictimai həyatında fəal iştirakına görə ona fəxri fərmanlar və ünvanına təbrik məktubları göndərilib. Onun Polşa ordusunun xorunjisi (kiçik leytenant) geyimində çəkilən fotoşəklində isə sinəsində iki dövlətin çoxsaylı orden və medalları əks olunub. Bütün bunlar, eləcə də ümumi dəftərə əllə yazdığı müharibə xatirələri tədqiqatçılar üçün əhəmiyyətli olacaq.