ELM VƏ TƏHSİL
Tarix Muzeyində görkəmli alim Sara Aşurbəyliyə məxsus materiallar qorunur
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr və təsviri materiallar fondlarında görkəmli alim, tarix elmləri doktoru, Əməkdar elm xadimi Sara Aşurbəyliyə məxsus materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olub. O, ali məktəblərdə baş müəllim, dekan vəzifələrində çalışıb, Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi.
Sara Aşurbəyli 1930-1933-cü illərdə Azərbaycan Tarixi Muzeyində Tarixi etnoqrafiya şöbəsində, 1956-1958-ci illərdə isə Orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. O, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib, 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub.
Alim “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.
Görkəmli alim Sara Aşurbəyli 2001-ci ildə vəfat edib.