ELM VƏ TƏHSİL
Tarix Muzeyində görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operasının proqramı və not dəftəri qorunur
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirova məxsus materiallar (“Sevil” operasının proqramı və not dəftəri) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bu gün bəstəkar Fikrət Əmirovun anadan olmasından 99 il ötür. Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəlcə Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbinin kompozisiya sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə Fikrət Əmirov 1958-ci ildə Azərbaycan SSR, 1965-ci ildə SSRİ Xalq artisti, 1982-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülüb. SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı olub, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1967, 1971) ilə təltif olunub.