ELM VƏ TƏHSİL
Tarix Muzeyində tədbir: Şəhid ailələri sevgi mücəssəməsidir
Bakı, 6 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurası 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Şəhid ailələri sevgi mücəssəməsidir” adlı tədbir keçirib.
Bu barədə AZƏRTAC-a Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Qadınlar Şurasının sədri Nərgiz Əliyeva Beynəlxalq Ailə Gününün mahiyyəti haqqında danışaraq ölkəmizdə ailə institutunun hər zaman önəmli sayıldığını, cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunduğunu qeyd edib. N.Əliyeva Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında söhbət açaraq, onun dövlətimizin ailə siyasətini həyata keçirən vacib bir qurum olduğunu vurğulayıb. Qeyd edib ki, milli dəyərlərin bərqərar olması şəhid ailələri qismində də özünü aydın şəkildə büruzə verir.
Qadınlar Şurasının sədr müavini Esmira Rəhimova muzey əməkdaşlarının şəhidlərə aid materiallar toplayarkən əlaqələrin necə qurulduğundan, şəhid ailələri ilə birlikdə yaşadıqları həssas məqamlardan danışıb.
Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Sahibə Ələkbərova “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun reallaşdırdığı “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələri ilə keçirilən görüşlərdən söhbət açıb.
Sonra Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları Aygün Quliyevanın “Şəhidlər ölməz, Vətən bölünməz”, Nurəngiz Qarayevanın “Müharibə dövründə şəhid ailəsi” mövzusunda məruzələri dinlənilib.
Tədbirin sonunda muzeyin Qadınlar Şurasının üzvü Ramiyə İsmayılova “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üçün materiallar toplanarkən görüşdüyü şəhid ailələri haqqında məlumat verib.