ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı, 24 aprel, AZƏRTAC
Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Bədii təhsildə innovativ proseslər: inkişafın strategiyası, nəzəriyyə və təcrübəsi” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Nərgiz Əliyevanın məruzəsi “Azərbaycanın ortaq mədəniyyəti olan ölkələrdə təşkil edəcəyi sərgilər haqqında” olub. Məruzəçi Özbəkistanın timsalında Azərbaycanla etnik kökləri, dili, şifahi ədəbiyyatı, adət və ənənələri yaxın olan ölkələrdə sərgi qurularkən həmin ölkələrin mədəniyyətinin eyni və yaxın cəhətlərinin nəzərə alınmasını və bu yaxınlığın sərgi nümayişi vaxtı eksponatlarla bərabər maarifləndirici tədbirlərlə də müşayiət olunmasının vacibliyini qeyd edib.