“Tarix yazan şəxsiyyət” adlı intellektual yarışın qalibləri məlum olub
AzerTAg.az
Beyləqan, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavənd rayon ümumtəhsil məktəblərinin komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı intellektual yarışın qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intellektual yarışın final mərhələsində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin müavini Əfsanə Quliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi naminə gördüyü işlərdən danışıb. Bildirilib ki, bu cür yarışların təşkili gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının və gənclərin siyasi biliklərinin artırılması məqsədi daşıyır.
Yarış 2 turda keçirilib və hər turda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən suallar səsləndirilib. Komandalar sualları yazılı şəkildə cavablandırıblar.
Yekun nəticələrə əsasən Salakətin kənd tam orta məktəbinin “052” komandası birinci, Salakətin kənd tam orta məktəbinin “Mübarizlər” komandası ikinci, Qaradağlı kənd tam orta məktəbinin “Ulu Öndər” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalara diplomlar təqdim edilib.





Xəbərin mətnində orfoqrafik səhv var