Tarixçi-alim: Azərbaycan gəncliyi üçün azad düşünmək imkanı yaradılıb
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Bu gün Azərbaycanda elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə gənc kadrlara üstünlük verilməsi müşahidə etdiyim və yaşadığım təcrübədir. Bu gün Azərbaycan gəncliyi üçün daha mütərəqqi, geniş və azad düşünmək imkanı yaradılıb. Gənclərimizə tövsiyə edərdim ki, hər zaman hədəflərini düzgün müəyyən etsinlər və bu istiqamətdə səy göstərməkdən heç vaxt usanmasınlar. Həm elmli, həm də səbirli və təmkinli olsunlar. Çünki Həsən bəy Zərdabinin dediyi kimi, “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev deyib. Fəaliyyəti dövründə hər bir Azərbaycan gənci kimi dövlətinə, millətinə faydalı olmağa çalışan E.Nəciyev deyib: “Hazırda Bakı Mühəndislik Universitetində Azərbaycan gəncliyinə tariximizi tədris edirəm. Çalışıram ki, gənclərimiz vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda təhsil alsınlar. Gənc tarixçi alim kimi indiyə qədər fəaliyyətimdə əldə etdiyim uğurlardan ən böyüyü, sözsüz ki, 2016-cı ildə tarix istiqamətli Azərbaycan Tarixi Elektron Kitabxanası adlı veb-saytımı yaratmağım olub. Azərbaycan tarixinin ayrı-ayrı dövrləri və köməkçi fənləri ilə bağlı sistemli formada elektron kitabları özündə əks etdirən bu kitabxanada sadəcə kitablar deyil, həm də müxtəlif dövrlər üzrə tarixi xəritələr, Azərbaycanın görkəmli tarixçiləri, həmçinin ayrı-ayrı tarixi məkanlara səfərlərimi özündə əks etdirən səfərnamə tipli yazılarım da vardır. Bu saytın yaradılması mənim üçün Azərbaycan Milli Elmlər Akademiyasında tarixi araşdırmaların mərkəzi olan Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun qapılarını açdı”.
E.Nəciyev bildirib ki, 2017-ci ildə Tarix İnstitutunun veb-saytını yenidən hazırlayaraq tam yenilənmiş formada təqdim edib: “Fəaliyyətim rəhbərlik tərəfindən yüksək qiymətləndirildi və Tarix İnstitutunun fəxri fərmanı ilə təltif edildim. 2021-ci ildə Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə ilə birlikdə müəllifi olduğum “Qarabağın Alban-Qıpçaq tarixinə dair” əsərim işıq üzü gördü. Bu nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir. Təbii ki, uğurlarımız bununla yekunlaşmadı. 2022-ci ildə “Səfəvilər dövlətinin əhalisi (tarixi-demoqrafik tədqiqat)” adlı doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru aldım. Həmçinin elmi redaktoru, “Ön söz”ünün müəllifi və naşiri akademik Yaqub Mahmudov olan, 2022-ci ildə çap edilən “Azərbaycan tarixi xəritələrdə” atlasının redaksiya heyətinin üzvü kimi onun hazırlanmasında yaxından iştirak etdim. Qeyd edim ki, xəritələrinin toplanmasında böyük əmək sərf etdiyim bu atlas Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır.
“2022-ci il “Şuşa İli”nə həsr edilmiş 2 mühüm tədqiqat əsərim işıq üzü gördü. Bu əsərlərdən birincisi tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə birgə nəşr etdiyim “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitabdır. Bu kitab Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən materiallardan seçmələrdən, onların tərcümə və şərhindən ibarətdir. Şuşa ilə bağlı ikinci mühüm əsərim Günay Nəciyeva ilə birgə rus dilindən tərcümə etdiyim 1873-cü ilə aid mənbə - “K.A.Nikitin. Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı kitabdır. Bu əsərdə Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb”, - deyə alim bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var