ELM VƏ TƏHSİL
Tarixçi alimlərin iştirakı ilə “Vətən” poemasının təqdimatı olub
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “Vətən” kitabının (poemasının) təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov tədbirdə şairin həyat və yaradıcılığına dair geniş məruzə ilə çıxış edib.
Kitabın redaktoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərli çıxışında şairin özünəməxsus yazı tərzi ilə Azərbaycan tarixini işıqlandırmasından söz açıb.
Nəşrə “Ön söz” yazmış tarix elmləri doktoru, professor Şahin Fazil “Vətən” poemasına həsr etdiyi şeirini söyləyib.
Kitabın rəyçiləri - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru, professor Eynulla Mədətli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev və digər çıxış edənlər - A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Əsədulla Cəfərov “Vətən” poemasının məziyyətlərindən danışıblar.
Sonda çıxış edən Ramiz Qusarçaylı müəllifi olduğu “Vətən” kitabının ərsəyə gəlməsində əməyi keçən ziyalılara minnətdarlığını bildirib.