SİYASƏT


Tariximizin ən şanlı ilinin yekunlarına həsr edilmiş müşavirədə dövlətimizin başçısı olduqca önəmli tapşırıqlar verdi

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi Zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı. Elə müşavirədə müzakirə edilən məsələlər də, 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi. Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzusu artıq 2020-ci ildə reallığa çevrilən gerçəklik oldu. Qarşıda duran vəzifələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi. Müşavirə, eyni zamanda, həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi. Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məsələləri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu qeyd edib ki, yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxarmaq və yol verilən səhvləri bir daha təkrar etməmək mümkündür. Üçtərəfli bəyanatda razılaşdırılmış maddələrdən danışarkən bu maddələrin qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu yaxınlarda Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxunaraq sərt bir şəkildə xəbərdarlıq etdi. Müşavirdə böyük qayıdışın artıq həyata keçirilməsindən danışıldı və aydın oldu ki , hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb və qısa müddətdə xeyli işlər görülüb. Bununla belə, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndirilməsi ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi. Şəhərlərimizin yenidən qurulması, tarixi, mədəni və dini abidələrimizin bərpa edilməsi, işğal müddətində erməni vandalizminə məruz qalmış ərazilərimizə dəymiş ziyanın hesablanaraq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəzində olan məsələlərdən idi.

Deputatın sözlərinə görə, ən mühüm məsələlərdən biri isə Vətən müharibəsinin qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Dövlət başçımızın göstərişi əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına veriləcək. Bu, kifayət qədər böyük bir proqramdır. Ona görə müharibəyə qədər növbədə dayanan şəhid ailələri bu evlərdə yerləşdirilməlidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını torpaqlarımızın işğaldan azad edilməsi üçün fəda edən şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.