REGİONLAR
Tariximizin ilmələrlə “toxunduğu” Naxçıvan xalçaları FOTO
Naxçıvan, 5 iyul, Rauf Kəngərli, AZƏRTAC
Azərbaycan xalçalarının ayrılmaz bir parçası olan Naxçıvan xalçaları həm də tariximizin ilmələrlə “toxunduğu” möhtəşəm sənət əsərləridir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xalça sənətimizi öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır.
Muxtar respublikanın ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Tarixi mənbələrə görə, Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşıb. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf edib. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olub və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir...”.
Özünəməxsus fərqləndirici cəhətlərə malik bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub. Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi daim diqqət mərkəzində saxlanılıb. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, 2010-cu ildə muzeyin yeni bina ilə təmin olunması bu sahəyə göstərilən dövlət qayğısının ən mühüm təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır.
Naxçıvan xalçaçılıq sənətinin qorunub yaşadılması, gələcək nəsillərə, çatdırılması ilə yanaşı, onun inkişafı və daha geniş arealda tanıdılması məqsədilə ardıcıl təbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu tədbirlərin davamlılığını təmin edib.