REGİONLAR


Tarixin sirlərini yaşadan Kələxana türbələri – nadir tapıntılar aşkarlandı FOTO VİDEO

Türbələr kompleksindəki qəbirüstü sənduqələrdən bir neçəsi Bakıda Qız qalasının qarşısındakı meydanda nümayiş etdirilir

 

Şamaxı, 7 iyul, R.Türkoğlu, AZƏRTAC

Şamaxıda yerləşən Kələxana türbələr kompleksində Heydər Əliyev Fondunun dəstəyi ilə arxeoloji tədqiqatlar aparılır. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işçi heyəti iki aydır ki, əraziyə səfərbər edilib. Ötən qısa müddətdə mühüm tapıntılara rast gəlinib.

AZƏRTAC xəbər verir ki, Kələxana türbələr kompleksi Şamaxı şəhərindən 9 kilometr cənubda yerləşir və 4,6 hektar ərazini əhatə edir. Maraqlıdır ki, tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir.

Kələxana arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyevlə söhbət zamanı məlum oldu ki, səkkizguşəli formada olan prizma şəkilli bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilib, portallarının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnib. Kələxana türbələrinin hamısının içərisi kvadrat formalı ağlay daşla döşənib. Döşəmələrinin mərkəzi hissəsində isə sanki, kətil funksiyası daşıyan, təqribən 35-40 santimetr hündürlüyündə kvadrat formalı daşlar var. Türbələrin hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib. Maraqlıdır ki, onlardan yalnız birinin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən, şeyx İsrafilin nəslindən olan şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub. Qeyd edək ki, Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər var. Hansı ki, həmin qəbirüstü sənduqələrdən bir neçəsi ötən əsrin ortalarında Bakıya aparılıb və hazırda Qız qalası qarşısındakı meydanda nümayiş etdirilməkdədir.

Baş elmi işçi Elmira Abbasova isə bildirib ki, ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaqlı bina qalığı olduğu müəyyən edilib. Binanın alt qatı iki otaqdan ibarətdir. Otaqlara daxil olmaq üçün bir neçə pillədən ibarət xüsusi pilləkən olub. Hər iki otağın giriş qapısı şərq istiqamətindən olmaqla tağvari formadadır. Otaqların hər birinin divarlarında qarşı-qarşıya 4 ədəd taxça var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutulub. Qazıntı prosesində ərazidən tapılmış bir neçə gil çıraq da məhz bu cür düşünməyə əsas verir.

Sovet hakimiyyəti dönəmində, daha dəqiq desək, ötən əsrin 50-ci illərində Kələxana türbələrinin ikisində müəyyən təmir və bərpa işləri görülüb. Əfsuslar olsun ki, bu zaman qeyri-peşəkar yanaşma ucbatından abidələrin ilkin görkəminə çox ciddi xələl gətirilib. Dırnaqarası təmir işləri zamanı xeyli sayda daş kitabə sındırılıb, hissələrə parçalanıb, türbələrin hasar divarlarının içinə yerləşdirilərək üzəri də üzlük daşlarla örtülüb. Çox ehtimal ki, bu, həmin vaxt təmir-bərpa işlərinə cəlb olunmuş erməni ustalar tərəfindən bilərəkdən həyata keçirilən daha bir vandal əməlin göstəricisidir.

Mütəxəssislər qeyd edirlər ki, qəbirlərdən götürülən nümunələrin müvafiq laboratoriyalarda araşdırılaraq incələnməsi də elmi baxımdan əhəmiyyətli ola bilər. Bu işdə Türkiyədən olan arxeoloqlar da öz güclərini ortaya qoyublar. Çünki Kələxana türbələri tək Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq dəyəridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.