REGİONLAR
Tariyel Pənahov: İnstitutumuzun bazasında fillokseraya davamlı calaq ting istehsal edən müəssisə yaradılacaq
Qəbələ, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun bazasında fillokseraya (zərərverici) davamlı calaq üzüm tingi istehsal edən müəssisənin yaradılması istiqamətində işə başlanılıb. Hazırda bu məqsədlə müxtəlif ölkələrin alim və mütəxəssisləri ilə danışıqlar aparılır. Çalışırıq ki, üzümçülərimizin, emal müəssisələrimizin tələbatını ödəyə biləcək mütərəqqi, müasir bir müəssisə quraq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov Qəbələdə jurnalistlərə müsahibəsində deyib.
Üzümçüləri, şərab istehsalçılarını narahat edən məsələlərdən birinin yerli üzüm sortlarındakı çatışmazlıqlarla bağlı olduğunu diqqətə çatdıran institutun direktoru deyib: “Azərbaycanda vaxtilə 274 min hektar üzüm bağı var idi, ildə 2 milyon tondan çox üzüm istehsal olunurdu. O dövrlər üzümçülük çox böyük inkişaf səviyyəsinə çatmışdı. Ancaq həmin illər biz tingləri əsasən, xaricdən alıb gətirirdik. Bu baxımdan, yerli məhsuldar üzüm tinglərinin yetişdirilməsi gələcəkdə respublikamızda üzümçülüyün daha da inkişaf etdirilməsinə çox böyük təsir göstərəcək”.