DÜNYA
Taro Kono ilə Mayk Pompeo ABŞ-KXDR sammitinə hazırlıq məsələlərini müzakirə ediblər
Tokio, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Yaponiya və ABŞ-ın xarici işlər idarələrinin rəhbərləri ABŞ Prezidenti Donald Tramp ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ikinci yüksək səviyyəli görüşünə hazırlığı müzakirə ediblər.
Xatırladaq ki, bu ərəfədə Ağ ev D.Tramp ilə Kim Çen Inın fevralın sonlarında görüşəcəyi barədə məlumat yayıb. Görüşün yeri barədə hələlik məlumat verilmir. Görüşün detalları Vaşinqtonda, D.Trampın KXDR rəhbərliyinin rəsmi nümayəndəsi Kim Yon Çxol ilə görüşündə müzakirə edilib.
ABŞ və KXDR liderlərinin birinci görüşü 2018-ci ilin iyununda Sinqapurda keçirilib.
KXDR-in xüsusi xidmət orqanları tərəfindən oğurlanmış yaponların taleyi ilə əlaqədar, Yaponiya tərəfi danışıqların gedişini çox diqqətlə izləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio