CƏMİYYƏT


“Tatarıstan” və “Dostluq məşəli” təşkilatları faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə tədbir keçiriblər

Bakı, 21 fevral, AZƏRTAC

“Tatarıstan” İctimai Birliyi “Dostluq məşəli” Cəmiyyəti ilə birlikdə İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə tədbir keçiriblər.

“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə birliyin sədri Abas Minyayev çıxış edib. O bildirib ki, müharibənin başa çatmasından uzun illər keçməsinə baxmayaraq, onun xatirəsi qəlbimizdə hələ də yaşayır. O, motoatıcı diviziyada minaatan kimi xidmət etmiş, çoxlu döyüş mükafatları olan atası Əbdürəhman Minyayevdən danışıb.

Qarabağ müharibəsi veteranı, ictimai xadim Larisa Namazova qeyd edib ki, Azərbaycan ümumi Qələbəyə böyük töhfə verib. Buna görə də Qələbənin 75 illiyi ölkəmizin vətəndaşları üçün əhəmiyyətli hadisədir.

“Təqribən 700 min həmvətənimiz cəbhəyə gedib. Arxa cəbhə ön cəbhəni yanacaqla, neftlə təmin edirdi. Zavodların çoxu silah istehsalına keçmişdi. İnsanlar fasiləsiz işləyirdi, hospitallarda yaralıları müalicə edirdilər. Təəssüf ki, Bakıya qəhrəman şəhər statusu verilmədi. Bu il Bakını “Əmək Şücaəti Şəhəri” adlandırsaydılar, çox yaxşı olardı”, - deyə L.Namazova vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev faşizm üzərində Qələbəyə Azərbaycan sakinlərinin töhfəsindən danışıb. O deyib: “İkinci Dünya müharibəsində Azərbaycanın hər beşinci sakini silaha sarılaraq döyüşüb. Respublikanın 3,4 milyon əhalisinin (1941) 681 mini ( onların 10 mindən çoxu qadın olub) cəbhəyə yollanıb. Hərbi hissələr üçün 15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitə işçisi, 3 min sürücü hazırlanıb. Hələ bakılıların öz fədakar əməyi ilə Qələbənin əldə olunması işinə nə qədər töhfə verdiyindən heç danışmırıq. Azərbaycan əhalisi şəxsi yığımlarından Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl təhvil veriblər. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tank kolonnalarının və aviasiya eskadrilyalarının yaradılması fonduna 25 min rubl vəsait keçirib. Müəssisələrdə iş bir an belə dayanmayıb. Bütün şəhər gecə-gündüz çalışıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.