REGİONLAR
Taxıl bolluğu toxumluq buğda və arpanın satış qiymətinin aşağı düşməsinə də səbəb olub
Ağdaş, 6 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda fermerlər son illər bitkiçiliyin inkişafına böyük maraq göstərirlər. Hazırda rayonda taxılçılıqla məşğul olan kəndlilər səpin dövrünə hazırlıq üçün şum çıxarır, toxum və gübrə tədarükü görürlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonda 10 min 340 hektar sahədən 31 min 511 ton taxıl biçilib. Hazırda rayonda payızlıq taxıl səpini kampaniyasına hazırlıq işləri görülür. Fermerlər toxum tədarükünü davam etdirirlər. Əldə edilən toxumluq taxıl əvvəlcə təmizlənir və dərmanlanır.
Bu il Ağdaşda taxılın bol olması toxumluq buğda və arpanın satış qiymətinin aşağı düşməsinə də səbəb olub. Ağdaş rayonunun Ərəbocağı kəndində toxumçuluqla məşğul olan fermerlər deyir ki, əgər ötən il bir kiloqram toxumluq taxılı 40 qəpiyə satırdılarsa, bu il həmin göstərici 30 qəpikdir. Bu isə onların taxıl sahələrindən yüksək məhsul götürmələri ilə bağlıdır.
Fermerləri keyfiyyətli toxumla təmin etmək üçün kifayət qədər ehtiyat var. İndi toxumçuluqla məşğul olan fermerlərin özləri də səpin prosesinə hazırlaşırlar. Ağdaş rayonunun Ərəbocağı kəndində 6 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Fermerlər istehsal etdikləri toxumu Ağdaşla yanaşı, Ucar, Göyçay və digər qonşu rayonlardan olan fermerlərə satırlar.
Hazırda ağdaşlı fermerlər taxıl səpini aparmaq üçün daha qüvvəli torpaq sahəsi seçir və şum çıxarılan torpağa ziyanvericilərə qarşı gübrə səpirlər. Artıq 3 min hektardan çox sahədə şum çıxarılıb. Ağdaş əkinçiləri qarşıdakı mövsümün məhsulu üçün ötən ildəkindən daha çox, yəni 11 min 500 hektar sahədə payızlıq taxıl səpini aparmağı planlaşdırırlar.