CƏMİYYƏT
Tbilisi konfransında Azərbaycanda media azadlığı sahəsində görülən işlər barədə məlumat veriləcək
Tbilisi, 9 oktyabr, AZƏRTAC
ATƏT-in “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda Tbilisidə keçirilən XVI Cənubi Qafqaz media konfransı söz azadlığı, demokratik təsisatların inkişafı və jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov söyləyib.
Şura sədri deyib ki, son illər sosial şəbəkələrlə ənənəvi media arasında güclü rəqabət yaranıb. Sosial şəbəkələr operativlik baxımından xeyli irəlidə olsa da, bu xəbərlərdə bəzən bilərəkdən və ya bilməyərəkdən yanlışlığa yol verilir. Bu da çox ciddi problemlərə səbəb olur. Tbilisidə keçirilən konfransda bu və digər məsələlərlə bağlı müzakirələr aparılacaq və təbii ki, tövsiyələr də qəbul olunacaq. “Biz konfransda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən media azadlığı sahəsində qəbul olunmuş proqramlar, atılan mütərəqqi addımlar barədə məlumat verəcəyik”, - deyə o bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi