MƏDƏNİYYƏT
Tbilisidə “Azərbaycan musiqi gecəsi” təşkil edilib
Tbilisi, 24 yanvar, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində “Azərbaycan musiqi gecəsi” keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət nümunələri – xalçalar, milli musiqi alətləri, məişət əşyaları, əl işi olan gəlinciklər də sərgilənib.
AZƏRTAC xəbər verir ki, konsertin məqsədi Azərbaycanın zəngin mədəniyyətini Tbilisidə bir daha nümayiş etdirmək, Azərbaycanla Gürcüstan arasında dostluq və mədəni əlaqələri inkişaf etdirməkdir.
Musiqi gecəsində Azərbaycanın Əməkdar artistləri - pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova bəstəkar və xalq mahnılarını ifa ediblər.
Fəridə Məlikovanın Azərbaycan xalq və bəstəkar mahnılarının həm də səsli ifası alqışlarla qarşılanıb. Tamaşaçılar bəzi mahnıları onunla birlikdə ifa ediblər.
Qeyd edək ki, konsertdə azərbaycanlı musiqiçilərin müşayiəti ilə Tbilisi Opera və Balet Teatrının solisti Armaz Daraşvili “Tbiliso” mahnısını, opera müğənnisi İamze Urumaşvili isə “Sənsiz” romansını ifa edib.
Bundan başqa, konsertdə aşıq Nargilə Mehdiyeva da çıxış edib. Onun gürcü müğənni Dito Kisişvili ilə birgə ifa etdiyi Azərbaycanın “Ay bəri bax” xalq mahnısı da alqışlarla qarşılanıb.
Azərbaycan və gürcü dillərində yeni yazılan duet mahnı tamaşaçılara ilk dəfə bu konsertdə təqdim olunub.
Musiqi gecəsində Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, Gürcüstanın mədəniyyət xadimləri, azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər.
Zəngin musiqi proqramı iştirakçılara xoş ovqat bağışlayıb.
Sonda çıxış edən musiqiçilər və müğənnilər Azərbaycan milli musiqisinin təbliğinə görə təşəkkürnamələrlə təltif olunublar.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək konsertin təşkilatçılarına və ifaçılara təşəkkür edib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafında və daha da möhkəmlənməsində mühüm rol oynayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi