CƏMİYYƏT
Tbilisidə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib
Tbilisi, 16 iyun, AZƏRTAC
Tbilisidə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif səfirliklərin nümayəndələri, din xadimləri, xeyriyyə sahəsində fəaliyyət göstərən 30-a yaxın fond və dərnəyin rəhbəri, media təmsilçiləri iştirak ediblər.
GMİ-nin şeyxi Hacı Ramin İgidova və idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov çıxış edərək ümumbəşəri sevgi dini olan İslamda yardımlaşma, onun önəmi, dinimizdə yardımlaşmanın növləri, fəziləti və əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.
Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed Erdem, İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Əl-Mustafa ali təhsil mərkəzinin Gürcüstan üzrə rəhbəri Həsən Yusifzadə, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin sədri Nəriman Qurbanov və başqaları çıxış ediblər.
Tədbirin sonunda xeyriyyəçiliklə məşğul olan 30-a yaxın xarici və yerli fond və dərnəklər haqqında məlumat verilib, onlara GMİ-nin fəxri fərmanları təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi