CƏMİYYƏT
Tbilisidə ailədaxili zorakılığın qarşısının alınmasında dinin rolu mövzusunda konfrans keçirilib
Tbilisi, 4 dekabr, AZƏRTAC
İslam dini zorakılığın bütün formalarını, xüsusən də qadınlara qarşı alçaldıcı, təhqiredici hərəkətlərin və fiziki işgəncələrin əleyhinədir. İslam insan hüquqlarının əvəzsiz qoruyucusudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Ailədaxili zorakılığın qarşısının alınmasında dinin rolu” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.
Konfransda müxtəlif dini icmaların rəhbərləri, Gürcüstanın daxili işlər, ədliyyə, elm və təhsil nazirliklərinin nümayəndələri, BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri və başqaları çıxış edərək əsas insan hüquq və azadlıqlarının qorunması, ailədaxili zorakılığın qarşısının alınması ilə bağlı fikirlərini bölüşüb, problemin həllində müxtəlif dinlərin rolunu qeyd ediblər.
Çıxış edənlər ailədaxili zorakılığa qarşı mübarizə ilə əlaqədar İstanbul Konvensiyasının müddəalarının icrasının vacibliyini xüsusi vurğulayıblar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov və müfti hacı Beglar Kamaşidze İslam dinində ailə və qadına verilən dəyərlərdən danışıb, bu dinin fiziki, psixoloji və cinsi zorakılığın əleyhinə olduğunu bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi