MƏDƏNİYYƏT
Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycan ipəyi barədə məlumat verilib
Tbilisi, 19 may, AZƏRTAC
Tbilisidəki Dövlət İpək Muzeyində “Milli adət ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan “İnisiativ” Kuratorlar Birliyinin (İCU) məsul əməkdaşı Könül Rəfiyeva konfransda çıxış edərək ölkəmizin zəngin mədəniyyəti, incəsənəti, xüsusən də qədim İpək mədəniyyəti, ipəkçiliyin yaranması, inkişafı və şöhrəti barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycan mədəniyyəti nümunələri, o cümlədən kəlağayı UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu gün Azərbaycan dövləti ipəkçiliyin inkişafına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Azərbaycan ipəyi artıq əvvəlki şöhrətini özünə qaytarır. Bu gün Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycan ipəyinin təqdim olunması barədə maraqlı fikirlər səsləndi. Bu, bir daha göstərir ki, Azərbaycan ipəyi dünyada məşhurdur.
İCU-nun təşəbbüsü ilə konfransa qoşulan FR collections qrupunun üzvləri Ruslan Hüseynov və Fuad Cəbrayılov Azərbaycan milli geyimləri, xüsusən də kəlağayı barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər, eyni zamanda, Azərbaycanda kəlağayı və digər geyim əşyaları üçün ipəyin alınması, istehsalı, rənglənməsi, taxta qəliblərlə möhürlənməsi barədə ətraflı məlumat veriblər. Azərbaycan ipəyi, kəlağayı barədə sənədli film çəkildiyi də diqqətə çatdırılıb.
Layihə çərçivəsində Heydər Əliyev Fondu və Böyük Britaniya şahzadəsi Çarlz adına Ənənəvi İncəsənət Mərkəzinin birgə layihəsi olan İçəri şəhər Ənənəvi İncəsənət Mərkəzinin iki əməkdaşı, Aysel Vəliyeva və Vəfa Qurbanova Tbilisi Dövlət İpək Muzeyində bir həftəlik kurs keçiblər. Onlar əsasən TC2 Jacquard dəzgahı ilə ipək toxunmasının qaydalarını öyrəniblər.
Kursu bitirən azərbaycanlı xanımlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 1887-ci ildə Tbilisidə yaradılmış bu muzeyin ikinci mərtəbəsində Azərbaycan mədəniyyəti inciləri də saxlanılır. Burada Şuşa, Ağdam, Ağcabədi və digər rayonlarda toxunmuş qədim xalça, kilim, gəvə, xurcun, Şəki ipəyindən hazırlanmış üst geyim formaları, təkəldüz, dulusçuluq alətləri və s. əşyalar sərgilənir. Konfrans iştirakçıları Azərbaycan mədəniyyət incilərinə maraqla tamaşa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi