CƏMİYYƏT


Tbilisidə keçirilən konfransda ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və qırğınlardan danışılıb

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində “Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin Gürcüstanda və Türkiyədə təbliği” layihəsi çərçivəsində baş tutub.

“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” ictimai birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın azərbaycanlı və gürcü ziyalıları, elm, mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

İctimai birliyin sədri Faiq İsmayılov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti, Ermənistanın hərbi təcavüzü və onun nəticələri barədə həqiqətləri obyektiv şəkildə Gürcüstan ictimaiyyətinə çatdırmaqdır.

F.İsmayılov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşməsi, mədəni tarixi abidələrin talan və məhv edilməsi barədə məlumatları diqqətə çatdırıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, gürcü politoloq Simon Kopadze və başqaları çıxış edərək ermənilərin zaman-zaman Cənubi Qafqazda törətdikləri soyqırımı və qırğınlar barədə danışıblar.

Konfransın sonunda “Xocavənd rayonunun memarlıq abidələri” adlı sənədli film nümayiş etdirilib. Filmdə Xocavənd rayonunun erməni vandalizminə məruz qalmış tarixi və mədəni abidələrindən söhbət açılır.

Filmin gürcü və ingilis dillərinə də tərcümə olunaraq daha geniş auditoriyada nümayiş etdirilməsinin vacibliyi qeyd olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.