SİYASƏT
Tbilisidə münaqişə zonalarında dezinformasiyaların təhlükəli tendensiyalarına həsr olunan forum keçirilib
Tbilisi, 13 fevral, AZƏRTAC
Tbilisidə “Şərq Tərəfdaşlığı və Vişeqrad qrupuna daxil olan ölkələr dezinformasiyaya qarşı” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Şərq tərəfdaşlığı”na və Vişeqrad qrupuna daxil olan ölkələrin nümayəndələri, Tbilisidəki diplomatik korpusun əməkdaşları və müstəqil ekspertlər iştirak ediblər.
Forumda əsasən münaqişə bölgələrində, ərazi bütövlüyü pozulmuş ölkələrdə dezinformasiyaların yaratdığı problemlər, yalan məlumatların dinc insanların, o cümlədən qaçqın və məcburi köçkünlərin psixologiyasına təsirindən danışılıb. Əsir və itkin düşmüş, girov götürülmüş insanlar barədə yalan informasiyaların, eləcə də sosial şəbəkələrdə müharibə çağırışlarının cəmiyyətə mənfi təsirləri qeyd olunub. Bildirilib ki, Cənubi Qafqazda mövcud olan problemlər spesifik xüsusiyyətlərə malikdir və bu regiondakı münaqişələrlə bağlı çağırışlar, dezinformasiyalar daha böyük problemlərə yol aça bilər.
Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, Azərbaycanın işğaldan əziyyət çəkdiyi diqqətə çatdırılıb, Ermənistanın bu münaqişə ilə əlaqədar dünyaya yaymağa çalışdığı yalan məlumatlar haqqında danışılıb. Münaqişənin humanitar fəsadları, qaçqın və məcburi köçkünlərin problemləri, əsir və girovlar barədə məlumat verilib.
Həmçinin informasiya müharibəsinin mənfi təzahürlərindən, bunun qarşısının alınmasında gənclərin rolundan və dayanıqlı inkişaf tendensiyalarından söhbət açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi