MƏDƏNİYYƏT
Teatr Muzeyinin “Cənnətim Qarabağ” adlı rubrikası davam edir
Bakı, 3 oktyabr, AZƏRTAC
“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan teatrının ilk peşəkar aktyorlarından biri Əbülfət Vəliyə həsr olunub.
Əbülfət Məhəmmədhəsən oğlu Vəliyev 1874-cü ildə (bəzi mənbələrdə bu tarix 1867, 1868 göstərilir) Azərbaycanın dilbər guşələrindən olan və Qafqazın musiqi mərkəzi sayılan Şuşada anadan olub. Ə.Vəli Azərbaycan xalqının tanınmış soylarından biri Vəliyevlərin nümayəndəsidir. Tarixçilər öz tədqiqatlarında Əbülfətin ulu babasının Qarabağ xanlığının vəzirlərindən biri olduğunu göstərirlər. Atası Mirzə Məmmədhəsən bəy Vəliyev də öz dövrünün sayılıb-seçilən adamlarından olub. O, öz savadı və nüfuzu sayəsində Şuşa şəhərinin ədəbi mühitində mühüm rol oynayıb. Bu nəslin şəcərəsini öyrənən tədqiqatçıların yazdıqlarına görə bir neçə dili sərbəst bilən Məhəmmədhəsən bəy dövlət idarələrində məmur kimi işləyib və hətta quberniya katibi olub. Bu səbəbdən öz övladlarının da mükəmməl təhsilə, biliyə yiyələnməsinə xüsusi diqqət və qayğı göstərib. Əbülfət Vəli Bakıdakı Realnı Məktəbi bitirdikdən sonra bir müddət Balaxanı məktəbində müəllimlik edib. Səhnəyə 1880-ci illərin ortalarında qardaşı şair Nəcəfqulu Vəliyevin təşəbbüsü ilə gələn Ə. Vəli XX əsrin əvvəllərində “Müsəlman artistləri cəmiyyəti”, “Nicat”, “Həmiyyət”, “Səfa”, “Müdiriyyət” teatr truppalarında həm aktyorluq, həm də rejissorluq edib. O, səhnə fəaliyyətinə Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşaları ilə başlayıb. Sonralar özünün, eləcə də sənətkar dostu Cahangir Zeynalovun quruluş verdiyi tamaşalarda da oynayıb. Əvvəllər səhnəyə ikinci dərəcəli rollarda çıxan aktyor sonralar baş rolları da ifa edir və tamaşaçıların məhəbbətini qazanır. Onun ifa etdiyi əsas rollar sırasına M. F. Azundzadənin “Hacı Qara”, “Müsyo Jordan və dərviş Məstəli şah”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Daldan atılan daş topuğa dəyər”, N. Nərimanovun “Nadir şah Əfşar”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, N.Kamalın “Vətən”, F.Şillerin “Qaçaqlar”, H. Heynenin “Əl Mənsur”, J.B.Molyerin “Zorən təbib” kimi tamaşalarda Xəlil yüzbaşı, Hatəmxan ağa, Fəxrəddin, Dəli Şirin, Şah Təhmas, Cavad xan, Ədhəm xan, Hacı Səməd ağa, İkinci İrakli, Gavə, Sidqi bəy, Qoca Moor, Həsən, Cənnətəli və s. daxildir.
Xalq artisti Hacıağa Abbasov xatirələrində yazırdı ki, Ə. Vəli ifa edəcəyi obraza çox ciddi hazırlaşırdı. Tamaşa zamanı öz qrimindən əlavə, hətta digər aktyorların da qrimlənməsinə, geyiminə kömək edir, səhnənin qaydaya salınmasına diqqət göstərirdi. Həmçinin o, səhnə yoldaşlarına yaxşı məsləhətlər verir, tamaşada digər rolları ifa edəcək aktyorlarla öz fikirlərini bölüşürdü. Özü də bunu o qədər sadə, səmimi və təvazökarlıqla edərdi ki, hamı ondan razı qalardı. O, səhnədə canlandıracağı obrazı öz müşahidəsindən keçirərək real həyatdakı hadisələrlə bağlaya bilirdi. Təsadüfi deyil ki, dövrünün mətbuat səhifələrində Ə. Vəli “Qafqazın ən müqtədir aktyorlarından biri” kimi qeyd edilir, onun məharətli oyunu, istedadlı ifası, qüvvətli çıxışları haqqında yazılar verilirdi.
Ə. Vəli istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi. Onun tamaşalarda yaratdığı dolğun obrazlar milli teatrımızın tərəqqisində müstəsna rol oynayıb. Keçən əsrin ortalarından başlayaraq 1918-ci ilə qədər olan müddət ərzində onun adı keçməyən tamaşa demək olar ki, yox idi. Mənbələrdən bəlli olur ki, Ə. Vəli teatr truppalarının bütün tamaşalarında müxtəlif janrlı rollar oynamaqla bərabər, həm də gənc və həvəskar aktyorların tərbiyəsinə də diqqət yetirib. Habelə, ilk faciə aktyorlarımızdan Hüseyn Ərəblinskinin istedadının aşkar edilməsində, onda mütərəqqi fikrin genişləndirilməsində Ə.Vəlinin böyük rolu olub. O dövrün sənədləri sübut edir ki, Azərbaycan səhnəsinin bu iki görkəmli sənətkarı həmişə birgə fəaliyyət göstəriblər. Ancaq H.Ərəblinskinin həyatı, yaradıcılığı ətrafında araşdırmalar aparıldığı halda, Ə. Vəlinin fəaliyyəti təəssüflər olsun ki, unudulub. Halbuki bu iki peşəkar aktyor arasındakı fikir və sənət birliyini görkəmli dramaturq və teatr xadimi Ə.B.Haqverdiyev də görüb duymuş və özünün "Sənət qurbanı" və "Ac həriflər" adlı əsərlərində onların surətini yaratmışdır.
Ə. Vəli səhnədə yaratdığı obrazlar və gördüyü işlərlə humanist və maarifçi ideyalar da yayıb. O, eyni zamanda, bir peşəkar kimi milli teatr yaratmaq yolunda daim inadla çalışıb. Səfər təşkil etməkdə, insanları bir qayə ətrafında birləşdirmək də xüsusi bacarığı və səriştəsi olduğundan qastrol tamaşalarında adətən truppanın müdiri, rejissoru və təşkilatçısı olub. Müsəlman aktyorlarının bir dəstəsi məhz onun rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Ağməscid, Yalta şəhərlərində qastrol səfərlərinə gediblər. Onun Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Nəriman Nərimanovun “Nadir şah Əfşar”, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Hacı Qəmbər”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq”, Üzeyir bəy Hacıbəylinin “Məşədi İbad” əsərlərinə səhnə quruluşu verdiyi də bəllidir.
Peşəkar teatrımızın təşəkkülünün ilk mərhələlərində səhnə sənətinin inkişafı üçün 25 illik xidməti ərzində öz töhfələrini və əməyini əsirgəməyən Əbülfət Vəli 1918-ci ildə Göyçayda gözlərini dünyaya əbədi olaraq yumub.
Onu da qeyd edək ki, 1918-ci ilin dekabr ayının 3–də “Azərbaycan” qəzetində aktyorun ölümü ilə bağlı Kərim bəy Məlikovun yazdığı vida məqaləsində onun acınacaqlı vəziyyətdə dünyasını dəyişdiyi göstərilib.