REGİONLAR


Təbiət möcüzəsi Parağaçaydan FOTOREPORTAJ

Ordubad, 11 may, AZƏRTAC

Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvan Muxtar Respublikanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Ötən illərdə muxtar respublikada tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülüb. Bunun nəticəsidir ki, Naxçıvan həm də turizm mərkəzinə çevrilib.

Muxtar respublikanın Ordubad rayonunun ərazisində yerləşən Parağaçay qəsəbəsi bu gün təbiətsevərlər üçün ən gözəl səyahət məkanlarından biri kimi diqqəti cəlb edir. Qəsəbə qədim diyarın ən yüksək zirvəsi olan Qapıcığın zirvəsi ilə üz-üzə, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Burada yaşıllıqla səssizlik füsunkar təbiət harmoniyası yaradır, insanın ruhuna mənəvi rahatlıq bəxş edir. Parağaçaydan yola çıxaraq dağın yamacları boyunca birnəfəsə yürüş edəndən, buz kimi dağ çayından bir ovuc su içəndən, təbiətin yaratdığı möcüzəni öz gözlərinlə görəndən sonra bu yerlərə heyran qalmamaq olmur. Məhz belə təbiət gözəllikləri müasir ekoturizm həvəskarlarını özünə çəkən cazibə qüvvəsidir.

Qarşıdan gələn isti yay günlərində şəhərin səs-küyündən, bürküsündən qaçaraq muxtar respublikanın yaqut kimi gözəl təbiətinə üz tutanların bir ünvanı da Parağaçay qəsəbəsi olacaq.

“Naxçıvanı qürurla paylaşırıq” layihəsinin iştirakçıları da Parağaçayda olub, buranın füsunkar təbiətini əks etdirən fotolar çəkiblər. AZƏRTAC-ın Naxçıvan bürosu layihə iştirakçılarından olan gənc fotoqraf Namaz Namazovun çəkdiyi fotoşəkilləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.