ELM VƏ TƏHSİL
Təbiətşünaslığın tarixinə dair oçerklər nəşr olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu tərəfindən təbiətşünaslığın tarixinə dair yeni oçerklər hazırlanıb. Oçerklər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” haqqında 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrlərin elmi rəhbəri akademik Akif Əlizadə, “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, rəyçiləri Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.
Oçerklərdə təbiətşünaslıq elmlərinin təşəkkülünün tarixi mərhələləri, Azərbaycanda bu sahənin müstəqil elm sahəsi kimi formalaşması tarixi, Azərbaycan SSR-də təbiət elmlərinin inkişaf istiqamətləri, eyni zamanda, müstəqillik illərində AMEA-nın elmi-tədqiqat institutları və respublikanın digər ali təhsil müəssisələrində bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatlar, əldə olunmuş mühüm nailiyyətlər əksini tapıb.