SİYASƏT
Təbriz qəzetində ümummilli lider Heydər Əliyev haqqında geniş məqalə dərc olunub
Təbriz, 8 may, AZƏRTAC
Təbrizdə nəşr olunan “Soxrab” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən ətraflı danışılıb. Qeyd olunub ki, bugünkü Zəfər tariximizin, Qələbə yolumuzun meyarlarını ərsəyə gətirən, Azərbaycanın nailiyyətlərinin təməlini inşa edən ulu öndər Heydər Əliyevdir.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri milli ruhun yüksəlişi, millətin tarixi yaddaşının özünə qaytarılmasıdır. Görülən bütün tədbirlər sayəsində ölkəmizin həyatında ciddi dəyişikliklər baş verib.
1990-cı ilin Qanlı Yanvar faciəsinin törədildiyi vaxt ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, o zamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-1993-cü illərdə Azərbaycanın məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləndiyi bir vaxtda xalq yeganə nicatını ümummilli lider Heydər Əliyevdə görürdü. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı. Onun sarsılmaz qətiyyəti, yenilməz iradəsi ilə dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu.
Təsadüfi deyil ki, milli Liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə Milli Ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Ulu öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında İran İslam Respublikası ilə ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafında sürətli irəliləyiş əldə olundu. “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir”, - deyən Ulu Öndər Azərbaycan-İran əlaqələrinin inkişafını diqqət mərkəzində saxlamış, qarşılıqlı münasibətləri yeni mərhələyə yüksəltmişdir.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev yeni əsrin yeni Lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. 44 günlük Vətən müharibəsi zamanı dost və qardaş ölkə olan İran İslam Respublikası Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. İran ilə mehriban qonşuluq və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində göstərilən qarşılıqlı səylər və qətiyyətli iradə regionda sülhün davamlılığına, münasibətlərin daha da inkişafına töhfəsini verəcək.
Sonda qeyd edilib ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz