CƏMİYYƏT
Tədris Cərrahiyyə Klinikasının həkimləri xəstənin çənəsində eyni vaxtda iki mürəkkəb əməliyyat aparıblar
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müxtəlif xarakterli mürəkkəb əməliyyatların icra olunması artıq ənənəyə çevrilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, klinikada daha bir mürəkkəb əməliyyat uğurla həyata keçirilib. Belə ki, klinikanın həkimləri 29 yaşlı xəstə üzərində çənədə şişin götürülməsi və çənə sümüyünün bərpası əməliyyatını eyni vaxtda aparıblar. Əməliyyat klinikanın iki böyük briqadasının birgə səyi nəticəsində uğurla başa çatdırılıb.
Xəstə klinikaya bir il əvvəl müraciət edib. Həmin vaxt aparılan biopsiya nəticəsində ona çox nadir hallarda rast gəlinən “Ameloblastk sarkoma” diaqnozu qoyulub. Cərrahiyyə əməliyyatı zamanı çənənin sol bucağı nahiyəsini əhatə edən şiş toxuması və onun təxminən 1,5 santimetr sərhədində rezeksiya əməliyyatı aparılıb. Mövcud defekt rekonstruktiv titan lövhə ilə aradan qaldırılıb. Əməliyyatdan sonrakı dövrdə xəstə nəzarət altında saxlanılıb. Lakin son 2 həftədə xəstədə əməliyyat sahəsində yenidən kəskin ağrılar üzə çıxıb. Bu barədə ATU-nun ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov deyib: “Aparılan kliniki və radioloji müayinə nəticəsində xəstədə şişin yenidən əmələ gəlməsi - “Recurrence tumor” aşkar olunub. Əldə olunan nəticələr təhlil olunduqdan sonra cərrahiyyə əməliyyatının aparılmasına qərar verildi. Bu dəfə əməliyyat daha geniş həcmdə, şiş toxumasının götürülməsi, qalıq çənə sümüyü seqmentlərinin bir qədər də geniş rezeksiyası və defektin sonrakı müalicədə həm radioterapiya, həm kimyəvi dərman müalicəsinin aparılma riskinin yüksək olduğunu nəzərə alaraq, xəstədə sərbəst damar ayaqcıqlı sümük dilimindən istifadə olunması planlaşdırıldı. Bu məqsədlə biz plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisləri ilə birgə komanda şəklində bu əməliyyatın aparılmasına qərar verdik”.
“Birlikdə icra olunan əməliyyat təqribən 6-7 saat çəkdi. Əməliyyat zamanı iki briqada eyni vaxtda çalışırdı. Əvvəlcə birinci briqada çənə nahiyəsində residiv verən şişin - yəni “Recurrence tumor”un rezeksiyasını həyata keçirdi. Daha sonra isə biz incik sümüyündə hazırlanmış sərbəst damar ayaqcıqlı flebin (incik sümüyü transplantatının) qaldırılması ilə məşğul olduq. Bundan sonra həmin flebin çənə sümüyünə qoyulması və boyundakı damarlarla bir yerdə tikilməsi əməliyyatı icra olundu”, - deyə plastik-rekonstruktiv cərrah Dilqəm Məmmədov bildirib.
Hazırda xəstənin səhhəti qənaətbəxşdir. Beş gündən sonra evə yazılacaq.