CƏMİYYƏT


Tedros Qebreyesus: Ötən həftə 15 min nəfər koronavirusdan ölüb

Bakı, 18 avqust, AZƏRTAC

Son dörd həftə ərzində COVID-19 ilə əlaqəli ölüm halları əvvəlki ayla müqayisədə 35 faiz artıb. Təkcə son bir həftə ərzində 15 min insan koronavirusdan ölüb. “Bizim infeksiyanın qarşısını almaq və insanların həyatını xilas etmək üçün lazım olan bütün vasitələrə malik olduğumuzu nəzərə alaraq, bu, tamamilə qəbuledilməz göstəricidir”, - deyə ÜST rəhbəri bildirib. “Biz hamımız bu virusdan, pandemiyadan yorulmuşuq. Amma virus bizdən bezməyib”.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Hazırda BA.5 kimi tanınan “omikron” alt variantı yoluxmaların sayında üstünlük təşkil edir. Son bir ayda bu, bütün infeksiyaların təxminən 90 faizini təşkil edib.

Lakin, ilin əvvəli ilə müqayisədə hər həftə ölkələrdən daxil olan sekvenləşmə məlumatlarının həcmi 90 faiz azalıb. Belə məlumatları paylaşan ölkələrin sayı isə 75 faiz azalıb. “Virusun necə dəyişdiyini başa düşmək əhəmiyyətli dərəcədə çətin olur”, - deyə doktor Tedros Qebreyesus izah edib.

O xəbərdarlıq edib ki, qış ayları yaxınlaşdıqca şimal yarımkürəsində insanlar qapalı yerlərdə daha çox vaxt keçirəcəklər, bu, o deməkdir ki, təkcə COVID-19 deyil, həm də qrip ilə bağlı xəstəlik və xəstəxanaya yerləşdirilmə göstəriciləri yalnız artacaq.

“Lakin biz aciz deyilik”, - deyə o əlavə edib. “Əgər hələ vaksinasiyadan keçməmisinizsə, bunu edin, zərurət olduğu təqdirdə buster dozası alın”. ÜST rəhbəri, həmçinin başqaları ilə məsafə saxlamaq mümkün olmadıqda maska taxmağı və xüsusilə də qapalı məkanlarda izdihamdan qaçmağa çalışmağı tövsiyə edib.

"Bir çox insan deyir ki, bu virusla birgə yaşamağı öyrənməyin vaxtı çatıb", - deyə doktor Tedros Qebreyesus vurğulayıb. “Lakin biz həftədə 15 min insan itirə bilmərik. Biz xəstəxanaya yerləşdirmə və ölüm halları ilə bağlı artan göstəricilər şəraitində yaşamamalıyıq. Biz peyvəndlərə və digər vasitələrə qeyri-bərabər əlçatanlıqla barışmamalıyıq”.

Onun sözlərinə görə, COVID-19 ilə yaşamaq xəstəlik olmamış kimi özünü göstərmək demək deyil. Bu, özünü və digərlərini müdafiə etmək üçün bütün zəruri alətlərdən istifadə etmək deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.