DÜNYA
Tehranda İranla Cənubi Koreya arasında danışıqlar başlayıb
Tehran, 12 aprel, AZƏRTAC
Koronavirusun hökm sürdüyü dövrdə Cənubi Koreyanın İrana məxsus maliyyə vəsaitini qaytarmaqdan imtina etməsi qarşılıqlı münasibətlərdə gərginlik yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri Tehranda rəsmi səfərdə olan Cənubi Koreyanın Baş naziri Çon Si Kyunla görüşdə səsləndirib.
O bildirib ki, BMT və ya digər beynəlxalq təşkilatlar İrana qarşı sanksiya tətbiq etməyib. Bu sanksiyaları ABŞ birtərəfli qaydada tətbiq edib və heç bir beynəlxalq hüquqa uyğun deyil. Ona görə də Cənubi Koreya vəsaiti qaytarmaqla beynəlxalq hüququ pozmur. Tehran arzulayır ki, Cənubi Koreya başqa dövlətlərin istəyi ilə deyil, öz maraqlarına uyğun siyasət yürüdərək İranla əlaqələrinin inkişafına can atsın.
İ.Cahangiri diqqətə çatdırıb ki, İran COVID-19-la mübarizə apardığı üçün maliyyə vəsaitinə böyük ehtiyacı var. Sanksiyalar səbəbindən İran dərman və digər tibbi ləvazimatlar ala bilmir. Belə bir zamanda Cənubi Koreyanın İranın maliyyə vəsaitini banklarda dondurması qarşılıqlı əlaqələrə çox mənfi təsir göstərir.
Koreyanın Baş naziri İranla bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduqlarını, yaranmış vəziyyətdən çıxış yolunu birgə axtarmağın zəruriliyini bildirib. Baş nazir səhiyyə sahəsində daha geniş əlaqələrin yaradılması üçün lazımi tədbirlərin görülməsinin də vacibliyini qeyd edib. O maliyyə probleminin həll ediləcəyini vurğulasa da, İrana məxsus maliyyə vəsaitinin nə zaman qaytarılacağı barədə heç nə deməyib.
Qeyd edək ki, bu iki ölkə arasındakı münasibətlər həddən artıq dərəcədə gərginləşib. İş o yerə çatıb ki, Cənubi Koreyanın “Samsung” və LG şirkətləri İranı tərk etmək məcburiyyətində qalıblar. Dövlətlər arasında böyük həcmli ticarət dövriyyəsi mövcuddur. İran Cənubi Koreya üçün böyük bazardır və əlaqələrin kəsilməsi rəsmi Seula milyardlarla dollara başa gələ bilər. Lakin digər tərəfdən, Cənubi Koreya ABŞ-la da əlaqələri korlamaq istəmir. Odur ki, Baş nazir son 44 ildə ilk dəfə İrana səfər edərək, vəziyyəti qaydasına salmağa çalışır. Onun buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran