SİYASƏT


Tehranda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə şahmat turniri keçirilib VİDEO

Tehran, 11 may, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə Tehranda akkreditə olunan diplomatik nümayəndəliklərdə çalışan diplomatların iştirakı ilə şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Macarıstan, Polşa, Kenya, Qırğız və Rusiya diplomatları, BMT-nin İrandakı ofisinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibliyinin əməkdaşları iştirak ediblər.

İranın Şahmat Federasiyasından dəvət olunmuş FIDE-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Əmir Erfan Haşemi turnirə hakimlik edib. Turnir 12 oyunçunun iştirakı ilə, 5 tur olmaqla İsveçrə sistemi üzrə keçirilib. Qaliblər müvafiq olaraq Azərbaycan, Polşa və Macarıstan diplomatları olublar. Onlar kuboklar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Turnirin ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mükafatlandırma mərasimində çıxış edən səfir Əli Əlizadə, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq, onun ölkəni tarixin çətin və sərt sınaqlarından başıuca çıxartdığını, güclü və müstəqil Azərbaycan dövlətini yaratdığını və ölkəmizin parlaq gələcəyinin təməlini qoyduğunu bildirib. Səfir Əli Əlizadə ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə, o cümlədən idman sahəsində də böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Azərbaycan şahmatçılarının da dünyanın ən güclü şahmatçıları sırasında olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil olunan şahmat yarışının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etməklə yanaşı, eyni zamanda, idmana diqqətin artmasına və diplomatların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratdığını bildirərək yarışın qaliblərini təbrik edib.

Macarıstanın İrandakı səfiri, Tehranda akkreditə olunmuş Diplomatların Şahmat Klubunun rəhbəri Zoltan Varga-Haszonits də çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə keçirilən turnirin çox maraqlı və yüksək səviyyədə təşkilinə görə Azərbaycan səfirliyinə diplomatlar adından təşəkkürünü bildirib.

Mərasim Azərbaycan xalq musiqilərinin səsləndirilməsi və şam yeməyi ilə davam edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.