ELM VƏ TƏHSİL
Təhsil İnstitutu şagirdləri informatika və proqramlaşdırma müsabiqəsinə dəvət edir
Bakı, 5 noyabr, AZƏRTAC
Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə Təhsil İnstitutunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə proqramlaşdırma üzrə “AZERCELL CUP” informatika və proqramlaşdırma müsabiqəsi keçiriləcək.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil olunan bu müsabiqədə 6, 7 və 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
Müsabiqəyə qeydiyyat noyabrın 6-dan 13-dək www.olimpiada.edu.az portalı vasitəsilə həyata keçiriləcək. İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn şəkildə keçiriləcək. Praktiki tur noyabr 16-17-də, birinci tur isə virtual formada noyabrın 19-da keçiriləcək.
Qeyd edək ki, müsabiqənin qalibləri beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək imkanı qazanacaqlar.