Təhsil İnstitutunda kimya fənn kurikulumunun müzakirəsi təşkil edilib
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan kimya fənn kurikulumunun müzakirəsi təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müzakirədə Dövlət İmtahan Mərkəzi, AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və bir neçə ali təhsil müəssisəsinin kimya fənni üzrə ekspertləri iştirak ediblər.
Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verərək işçi qrupunu auditoriyaya təqdim edib.
Müzakirənin davamında işçi qrupunun üzvü Elşad Abdullayev təkmilləşdirilməkdə olan kimya fənn kurikulumundakı yeniliklər barədə iştirakçıları məlumatlandırıb. Təqdimat bitdikdən sonra iştirakçıların rəy və təklifləri dinlənilib.
Ekspertlər hazırlanmaqda olan məzmunun siniflər üzrə paylanılmasına, cari kurikulumla müqayisədə yüngülləşdirilməsinə və təhsildə qabaqcıl ölkələrin kurikulumlarına, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədlərinə uyğunlaşdırılmasına müsbət rəy bildiriblər.
Görüşün sonunda institutun direktoru Rüfət Əzizov müzakirə olunan əsas məqamlara öz fikirlərini əlavə edib və bu prosesin böyük təhsil islahatlarının bir parçası olduğunu vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var