ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi başlayır
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər avqustun 3-ü saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.
Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.