ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda Bakı şəhər 225 nömrəli tam orta məktəbin, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunmuşdur.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumtəhsil müəssisələrinin akkreditasiyasının tədris ocaqlarının fəaliyyət səviyyəsinin yüksəldilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd etmişdir.
Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə akkreditasiya komissiyasının sədri Fikrət Xəlilov bu təhsil ocağının ümumi fəaliyyəti barədə danışmışdır. F.Xəlilov 225 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açmışdır.
Gəncə şəhərindəki İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey üzrə akkreditasiya komissiyasının sədri Novruz Dəmirov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırmışdır. N.Dəmirov məktəb-liseyin fəaliyyətinin ayrı-ayrı istiqamətlər üzrə göstəriciləri, pedaqoji kollektivi, maddi-texniki bazası haqqında danışmış, habelə təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd etmişdir.
Mingəçevir şəhərindəki 10 nömrəli tam orta məktəb üzrə aparılmış araşdırmanın nəticələrini nəzərə çatdıran Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat vermişdir.
H.Zərbəliyev məktəbdə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs etmiş, akkreditasiya komissiyasının təkliflərini nəzərə çatdırmışdır.
Qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Təhsil naziri Misir Mərdanov ümumtəhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qarşıda duran vəzifələrə dair fikirlərini bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
İclasda Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin, Gəncə şəhərindəki İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin, Mingəçevir şəhərindəki 10 nömrəli tam orta məktəbin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilmişdir.