ELM VƏ TƏHSİL
Təhsil Tələbə Krediti üzrə borcalanın sığortalanması şərtləri açıqlanıb
Bakı, 27 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti (TTK) üzrə borcalanın sığortalanması şərtləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Qərara əsasən, TTK üzrə borcalan aşağıdakı hallardan sığortalanır:
-ölüm;
-əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik).
TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir. Sığorta müddəti kredit müqaviləsinin müddətinə bərabər olmalıdır.
Sığorta müqaviləsinin tərəfləri TTK-ni alan tələbə və sığortaçıdır. Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.
TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.
Sığorta müqaviləsinin bağlanılması anında sığorta məbləği kredit məbləğinə bərabər müəyyən edilir.
Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri (vasitəçilərə verilən komisyon muzdlar da daxil olmaqla) müqavilə üzrə hesablanmış sığorta haqqının 15 faizindən çox ola bilməz.