ELM VƏ TƏHSİL


“Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi Qusarda start götürüb VİDEO

Qusar, 24 iyul, Elxan Yusifli, AZƏRTAC

“Azərbaycan üçün öyrət” milli təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi Qusarda start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri iştirak edərək, iştirakçılara uğurlar arzulayıblar.

Bildirilib ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Yay məktəbində Qusar rayonunun Urva, Çiləgir, Yasab, İmamqulukənd, Quxuroba, Kirig kənd məktəblərinin orta göstəriciləri zəif və orta olan VI-IX sinif şagirdləri iştirak edib. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” təlimləri və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatlarla təltif olunublar.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” milli təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 6 min kilometr yol qət olunub. Həmçinin Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi bu marafona cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Bakı şəhərindən yola düşən “Təhsil avtobusu – Nəsimi” Qusar rayonundan sonra Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində baş tutacaq.

“Təhsil avtobusu – Nəsimi” yay məktəbinin növbəti ünvanı Astara şəhəri olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.