ELM VƏ TƏHSİL
Təhsil idarəçiliyi mövzusunda müzakirələr aparılır
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı keçirilir. Konfransda 9 ölkədən tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər. Təşkilat komitəsinin üzvləri Qoşqar Məhərrəmov və Cəfər Mənsimi iştirakçılara konfrans barədə məlumat veriblər. Bildirilib ki, təhsil idarəçiliyi mövzusunda ilk dəfə təşkil olunan konfrans Prezident İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimində təhsil naziri Emin Əmrullayev təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etməyin əsas prioritetlərdən olduğu vurğulanıb. Bildirilib ki, ölçülə bilən və müqayisə edilə bilən göstəricilərin təhsil idarəçiləri üçün daha effektiv imkanlar yaratması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. E.Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icma əsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsi diqqətə çatdırılıb. Həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi mövzuları əhatə edib. Tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əskərov, Şərqi Karolina Universitetinin professoru Levis Travis, Baltistan Skardu Universitetinin professoru Aşfaque Ahmad Şah, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Təhsil İnstitutunun şöbə müdiri Piralı Əliyev və digər spikerlər çıxış ediblər. Konfrans aprelin 25-dək davam edəcək.
Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanovun moderatorluğu ilə “Təhsildə liderlik və idarəetmə”, professor Pirəli Əliyevin moderatorluğu ilə isə “Təhsildə keyfiyyət” sessiyaları ilə davam edib.
Aprelin 23-də - konfransın ikinci günündə yerli və əcnəbi mütəxəssislər təhsil idarəçiliyində beynəlxalq təcrübələr, distant təhsilin idarə olunması və inklüziv təhsilin təşkili mövzularında müzakirələrlə çıxış edəcəklər. Bu günün əsas çıxışçıları Türkiyənin təhsil idarəçiliyi üzrə tanınmış alimi, professor Hasan Şimşek, Cənubi Koreyanın İnha Universitetinin professoru Youngsoon Kim, Finlandiyadan təhsilin idarə olunması üzrə mütəxəssis Perri Lounaskorpidir.
Konfransda seçilmiş məqalələr “Azərbaycan məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans aprelin 25-dək davam edəcək.