ELM VƏ TƏHSİL
Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Təhsil Nazirliyində bu qurum tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müsabiqə haqqında məlumat verib. Bildirilib ki, müsabiqə dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib.
Nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, müsabiqəyə ümumtəhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.
Təşkilat komitəsi ekspert qrupunun rəyi əsasında ümumtəhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər mayın 25-dək [email protected] elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd olunub ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın təkmilləşdirilməsi, müasir texnoloji infrastrukturun formalaşması və inkişafı, istedadlı uşaqların üzə çıxarılması üçün təşkil olunur. Eyni zamanda, müsabiqə sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi, təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili məqsədilə keçirilir.