ELM VƏ TƏHSİL
“Təhsilin ulduzu” müsabiqəsinin finalçıları mükaflandırılıb
Bakı, 23 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında baş tutan “Təhsilin ulduzu” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
“T-Network”dan AZƏRTAC-a bildirilib ki, münsiflər heyəti tərəfindən seçilən 4 finalçıya - Abdulxaliq Məmmədli, Elçin Abbasov, Fatimə Məmmədova və Lalə Orucovaya diplom və hədiyyələr təqdim edilib. Müsabiqədə birincilik qazanan Lalə Orucova, həmçinin “Təhsilin ulduzu” kuboku ilə təltif edilib.
Mərasimdə çıxış edən Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, şura üzvü, Əməkdar müəllim Asif Cahangirov, natiqlik üzrə mütəxəssis Nəcəf Allahverdiyev, kommunikasiya mütəxəssisi Rəşad Bayramov müsabiqənin əhəmiyyətindən bəhs ediblər.
Xatırladaq ki, “Təhsilin ulduzu” müsabiqəsinin keçirilməsində məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları və ideyaları tapmaq, geniş auditoriyaya çatdırmaqdır. Eyni zamanda, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. İştirakçılar öz ideyalarını təqdim etmək üçün çıxış hazırlayıb videoformatda müsabiqəyə təqdim ediblər və bütün çıxışlar “T-Network”un yutub səhifəsində yerləşdirilib. Ən yaxşı 4 ideyanın müəllifi yekun tədbirdə çıxışlarını canlı təqdim edib, canlı yayımda “Təhsilin ulduzu” seçilib.
Finalçıları müsabiqənin münsiflər heyətinin üzvləri - Şahlar Əsgərov, Vəfa Kazdal, Nəcəf Allahverdiyev, Rəşad Bayramov mükafatlandırıblar.