REGİONLAR
Tələbə-gənclər təşkilatları ilə işin təkmilləşdirilməsi müzakirə olunub
Sumqayıt, 12 oktyabr, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində keçirilən görüşdə şəhərin ali, orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları ilə perspektivlərin müəyyənləşdirilməsi, tələbələrlə işin təkmilləşdirilməsi məsələsi müzakirə olunub.
Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı reallaşan tədbirdə Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Texniki Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin və Sumqayıt Musiqi Kollecinin tələbə-gənclər təşkilatlarının fəalları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək, dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsində, respublikamızın sosial-iqtisadi, ictimai-mədəni həyatında tələbə-gənclərin fəal iştirakının təmin olunmasında, sosial-mənəvi ehtiyaclarının ödənilməsində, onların layiqli vətəndaşlar kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, 2005-ci ildən etibarən ölkəmizin bütün ali və orta ixtisas təhsil müəssisələrində olduğu kimi, Sumqayıt şəhərində də gənclərlə işin səmərəliliyinin artırılması məqsədilə tələbə-gənclər təşkilatları yaradılmağa başlayıb. Bu gün şəhərdə 1 ali və 3 orta ixtisas təhsil müəssisələri olmaqla, ümumilikdə, 4 tələbə-gənclər təşkilatı fəaliyyət göstərir.
Görüşdə tələbə-gənclər təşkilatlarının nümayəndələri hesabat xarakterli çıxış edərək, təşkilatın fəaliyyəti, həyata keçirilmiş tədbirlər, maraq sahələrinə uyğun yaradılmış departamentlər, tələbələrin arzu və təkliflərini öyrənmək məqsədilə keçirilən görüşlər haqqında məlumat veriblər.
Sonda Baş İdarənin tələbələrin təşəbbüslərini daim dəstəkləməyə hazır olduğu diqqətə çatdırılıb.