CƏMİYYƏT
Tələbə gənclərin Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşü keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə reallaşdırılan “Səfirlə siz” layihəsi çərçivəsində növbəti qonaq Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori olub.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, İttifaqın qərargahında keçirilən görüşdə səfirə təşkilat, onun tələbələrin ictimai fəaliyyətində rolu, elmi-ictimai sahədə qazandırdığı təcrübə və yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
Diplomat T.Katori tələbələrin bu təşkilatda bir araya gələrək öz ideyalarını, layihələrini həyata keçirməsini yüksək qiymətləndirib.
Daha sonra gənclərlə görüşən səfir gəncləri Yaponiya haqqında ətraflı məlumatlandırıb. Ölkəsinin adət-ənənələri, milli mətbəxi, paytaxt Tokio haqqında məlumat verən səfir Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafından da söhbət açıb.
Sonda səfir ATGTİ-nin xatirə dəftərində ürək sözlərini qeyd edib.