ELM VƏ TƏHSİL
“Tələbədən tələbəyə” layihəsinin yeddinci mövsümü başlayıb
Bakı, 13 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümü başlayıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində təşkil olunan tədbirdə jurnalistika fakültəsinin II kurs tələbəsi Süleyman Həmidov fotojurnalistika haqqında bildiklərini iştirakçılarla bölüşüb. O, məşhur fotojurnalistlərin çəkdiyi şəkillər barədə tələbələrə qısa məlumat verib. S.Həmidov, eyni zamanda, fotojurnalistlə fotoqrafın fərqindən, fotoaparatların texniki quruluşu və iş prinsiplərindən danışıb.
Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.
Layihənin maraqlı tərəfi isə təlimçi heyətin məhz fakültənin tələbələrindən ibarət olmasıdır.