ELM VƏ TƏHSİL
Tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanılır
Bakı, 16 aprel, AZƏRTAC
Təhsil və Gənclər və İdman nazirlikləri, "Kapital Bank" ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti "Made in Azerbaijan" biznes ideya müsabiqəsinə başlanılır.
UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qaliblər müsabiqənin sponsoru olan "Kapital Bank" ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək. Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə üçgünlük mentorluq və digər təlimlər keçiriləcək.
"Made in Azerbaijan" biznes ideya müsabiqəsinin qrafiki:
16 aprel-5 may – biznes ideyaların qəbul edilməsi;
6-12 may – təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;
14-16 may - finalçılara mentorluq və təlimlərin keçirilməsi;
20-23 may – final mərhələsi və mükafatlandırılma.
Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyənləşdirilərək mükafatlandırılması. Biznes ideyalar mayın 5-dək [email protected] e-mail ünvanına göndərilə bilər.
Müsabiqənin təşkilində məqsəd "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.