İQTİSADİYYAT
Tələbələr kapital bazarı haqqında maarifləndirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan tələbələrə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda maarifləndirici seminar keçirib.
MBNP-dən AZƏRTAC-a bildirilib ki, interaktiv formada keçirilən seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndələri tərəfindən kapital bazarı alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar, investisiya xidmətlərinin növləri, dünyada və Azərbaycanda səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, fond birjasında kütləvi ticarət haqqında nəzəri və praktiki mövzuları əhatə edən təqdimat edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.