REGİONLAR
Tələbələrin Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib
Naxçıvan, 3 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Fizika müəllimliyi və Fizika ixtisası üzrə II kurs tələbələrinin AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, ekskursiyada Rəsədxananın direktoru Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev tələbələrə elmi-tədqiqat müəssisəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları fəaliyyət göstərir. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparılır.
Məlumat verilib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Ekskursiya zamanı Qulu Həziyev teleskopun iş prinsipi, istifadə qaydaları haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini və yaxın qalaktikaları bu teleskop vasitəsilə müşahidə və tədqiq etmək mümkündür.
Vurğulanıb ki, Batabat Astrofizika Rəsədxanasının Fizika ixtisası üzrə tələbələri hamiliyə götürməsi onların keçdikləri dərslərin təcrübi cəhətdən mənimsəməsi üçün əlverişli şərait formalaşdırır.
Tələbələr tərəfindən maraqla qarşılanan ekskursiyada tələbələrin çoxsaylı sualları cavablandırılıb.