ELM VƏ TƏHSİL
Tələbələrin təqdimatı: “Şərq dünyasında Novruz”
Bakı, 19 mart, AZƏRTAC
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsində olan tələbələri fondun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın rəhbərlik etdiyi 53 nömrəli tam orta məktəbdə “Şərq dünyasında Novruz” adlı tədbir keçiriblər.
Fonddan AZƏRTAC-a bildiriblər ki, təcrübəçi tələbələr Şəms Balabəyova, Ülkər Nuri, Ləman Quliyeva hazırladıqları təqdimatda məktəblilərə qədim Novruz adətləri, bu bayramın tarixi və ritualları, Şərq ölkələrində baharın gəlişi ilə bağlı milli bayramlar barədə geniş məlumat veriblər. Fəal şagirdlərə Bilik Fondu adından kitablar hədiyyə edilib.
Tələbələr Bilik Fondunun Nəsimi rayonu üzrə nümayəndəsi Sevinc Budaqovanın rəhbərlik etdiyi 46 nömrəli tam orta məktəbdə keçirilən Novruz şənliyində də hazırladıqları təqdimatla çıxış ediblər. Tədbirdə Amerika Yəhudiləri Yardım Təşkilatı sədrinin müavini Rav Zamir İsayev, məktəbin direktoru Sevinc Budaqova bildiriblər ki, minilliklərlə yaşı olmasına baxmayaraq, Novruz bayramının ənənələri bu gün də araşdırılır, öyrənilir və gələcək nəsillərə ötürülür.
Fondun məsləhətçisi Elnarə Ağaoğlu Novruzun artıq beynəlxalq bayrama çevrildiyini və qədim ənənələri özündə yaşatdığını vurğulayıb. O deyib ki, milli bayramımız Novruz təbiətin oyanışını, yazın gəlişini bildirməklə yanaşı, insanlara nikbin əhval bəxş edir.
Bilik Fondunda beynəlxalq münasibətlər ixtisası üzrə təcrübə keçən tələbələrin hazırladıqları “Şərq dünyasında Novruz” adlı təqdimatda baharın gəlişi ilə bağlı Türkiyə, İran, Suriya, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çin və digər ölkələrdə ənənəvi bayramlar haqqında geniş məlumat verilir.