ELM VƏ TƏHSİL
Təlimçilər üçün “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinin birgə təşkilatçılığı ilə, təlimçilər üçün “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim keçirilir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsinin məqsədi iştirakçıların dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində biliklərinin artırılması və müvafiq dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı təlim keçəcək təlimçilərin hazırlanmasıdır.
DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov Azərbaycanda dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin qanunvericilik əsası, xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə meyarları, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində aparılmış maarifləndirmə işləri və keçirilən təlimin məqsədləri barədə danışıb.
Təlimdə Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukovic, Avropa Şurasının ekspertləri John Bierlee və Hendrik Bruning çıxış edib və qrup müzakirələri aparıblar.
Təlim “Məqsədlər və terminologiya”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinə giriş və tarixi”, “Davamlı nəzarət və idarəetmə aləti olan qiymətləndirmə ilə strategiyadan fəaliyyətə”, “Vətəndaşlar və parlament üçün baxış və missiya”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiqi” və digər məsələləri əhatə edir.
Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 25 dövlət qulluqçusu iştirak edir.
Təlimlərin sonunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.